Xocalı Türk ellərinin
məskunlaşdığı ən qədim yaşayış məskənlərindən biridir. Burada aşkarlanan daş
abidələr, kurqanlar, qəbirlər, daşdan yonulmuş qutu qəbirlər, tapılan silah, zərgərlik
nümunələri Xocalı-Gədəbəy mədəniyyətinə aid edilmişdir. Qalalar, İstehkamlar üzərində
aparılan tədqiqatlar, tapılan maddi-tarixi abidələr, yaşayış yerləri Xocalının
tarixinin e.ə. 1-2-ci min illiklərə qədər getdiyini göstərir. Bu torpaqların qədim türk yurdu olduğunu göstərən
ikinci bir vacib amil isə Xocalının və Xocalı ətrafında yerləşən digər yaşayış
məskənlərinin adlarıdır. Xocalı “Xoca” sözündən götürülüb. “Xoca” türk sözü
olub müqəddəs, hörmətli, möhtəşəm mənasını ifadə edir. “lı” şəkiçisi isə el,
oba, yurd mənasını bildirən mənsubiyyət şəkilçisidir. Bütü bunları nəzərə
alaraq deyə bilərik ki, Xocalı müqəddəslərin uyuduğu diyar, müqəddəs yurd, məkan
mənasını ifadə edir. Buna sübut kimi isə Xocalı şəhəri ilə aeroport arasında,
Qaladərəsi deyilən ərazidə yerləşən kurqanları, qutu qəbirləri və 15-ci əsrə
aid səkkiz guşəli kümbəzi göstərmək olar. Xocalının təbii-coğrafi şəraiti əkinçilik,
bağçılıq, heyvandarlıq, arıçılıq üçün əlverişli olduğundan və buna Xocalının
Aran Qarabağdan başlayaraq Şuşa, Laçın, Qırxqız, Gorus yaylaqlarına gedən qədim
köç yolunun üstündə yerləşməsi onun qədim yaşayış məskəni kimi formalaşmasına səbəb
olmuşdur. Ermənilərin
Xocalıya bu qədər ciddi maraq göstərməsinə səbəb şəhərin Aran və Dağıq Qarabağ
arasında bağlayıcı körpü rolunu oynaması, Xankəndinə gedən dəmir və magistral
yolun Xocalıdan keçməsi, eyni zamanda ətraf kəndlərin sərt coğrafi-strateji
mövqeyi idi. Bundan başqa keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ermənilər
yaşayan Ağdərə (Mardaket), Hadrut və Əsgəran rayonları Xocalıdan keçərək Xankəndi
ilə əlaqə saxlaya bilirdi. Məlumat üçün
bildirirəm ki, faciəyə qədər Xocalı şəhərində 2 tam orta məktəb, 1 ibtidai məktəb,
3 məktəbəqədər müəssisə, 1 mədəniyyət evi, 3 klub, 3 kitabxana, 100 çarpayılıq
xəstəxana, bank, telekomnukasiya qovuşağı, polis şöbəsi, bir sıra ali və orta
ixtisas müəssisələrinin, eyni zamanda Şəki İpək Fabrikinin, Gəncə Tikiş
Fabrikinin, Bakı Dəzgahqayırma Zavodunun fillialları fəaliyyət göstərmişdir. Faciə baş verməmişdən əvvəl, yəni 1991-ci
ilin sonundan 1992-ci ilin fevralın ortalarına qədər Millət Vəkili Elman Məmmədov
o zaman ki, respublika rəhbərlərinə Xocalı Şəhər İcra Nümayəndəliyi adından
vurduğu teleqramlarda Xocalının siyasi, hərbi-starateji əhəmiyyətinin
vacibliyini vurğulayaraq bildirirdi; “Xocalı gedərsə, Qarabağ gedər. Xocalını
qoruyub saxlasaq, Qarabağ bizimdir. Xocalı Qarabağın, Azərbaycanın taleyini həll
edir.” 1992-ci ilin fevralına qədər ermənilər
1989-1991-ci illərdə dəfələrlə Xocalıya hücumlar edib. Bu hücumların qarşısı
yerli özünümüdafiə və şəhər polisinin əməkdaşları tərəfindən qəhramanlıqla
alınıb. Facaiə baş verməmişdən beş ay qabaq Xocalı şəhəri ilə hava və quru əlaqəsi
kəsilmişdi. Bu müddət ərzində ermənilər ardıcıl olaraq ətraf kəndləri işğal etməyə,
qırğınlar törətməyə başladılar. Bu işğal prosesi planlı şəkildə beş aydan da
çox müddətdə mühasirədə saxlanılan Xocalının yer üzündən silinməsinə
hesablanmışdı. Malıbəyli, Qaradağlı və digər kəndlərdə törədilən qırğınlar heç
də Xocalı faciəsindən geri qalmırdı. Həmin vaxt şəhərdə az sayda silah-sursat var
idi. Ancaq təkcə Xocalını əhatə edən erməni işğalı altında olan kəndlərdə 515 nəfər
canlı qüvvə, 3 alazan raketi, 10 ədəd zirehli transpartyor, 3 PDM və bir neçə
tank var idi. Şəhərə ilk hücum 1992-ci il fevralın 12-i və13-ü
oldu. Erməni silahlı qüvvələri Xankəndindən Xocalıya doğru hərəkətə başladı. Bu cür gərgin
bir vaxtda fevralın 13-də Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovun səyi
ilə Xocalıya sonuncu vertolyotlar gəldi. Həmin vertolyotlarla 300 nəfər qoca,
qadın, uşaq Xocalıdan çıxarıldı. Şuşa üzərində içərisində 44 sərnişin olan
mülki vertolyotun vurulmasından sonra Xocalı ilə hava əlaqəsi tamamilə kəsildi.
Bundan əlavə son iki ayı şəhərin elektirik enerjisi də kəsilmişdi. Fevralın 19-da saat 17-də şəhər hər tərəfdən
PDM, iriçaplı pulemyotlardan və avtomatlardan 4 saat dayanmadan atəşə tutulur. 1992-ci il
fevralın 25-dən 26-a keçən gecə tarixin ən amansız soyqırımı - Xocalı soyqırımı
baş verdi. Bu soyqırım aktı təkcə qurbanlarının sayına görə deyil, soydaşlarımıza
qarşı törədilən dəhişətli işgəncələrlə,
vəhşiliklərlə, dünyada misli-bərabəri görünməyən işgəncə üsulları ilə
tarixə düşdü. Həmin gecə ermənilər üç istiqamətdən Xocalıya
hücum etdi. Bu hücumda ermənilərlə
yanaşı, muzdlu əsgərlər, özünü “arsax xalq azadlıq ordusu” adlandıran erməni
bölmələri, qızlardan ibarət “uruk” təşkilatının snayperçiləri və 366-cı rus hərbi
alayı iştirak edirdi. Əvvəlcə 366-cı alayın tanklarının köməkliyi ilə piyada
qüvvələr şəhərə doğru irəliləyir. Artilleriya atəşi ilə şəhərdə olan müdafiə qərargahları
və atəş nöqtələri məhv edilirdi. Şəhərin müdafiəçiləri səhərə qədər rəşadətlə
döyüşüblər. Hətta onlarda bir neçəsi qəhrəmanlıq göstərərək üstlərinə
partlayıcı bağlayaraq özlərini düşmən tanklarına çırpıblar. Axırıncı müdafiə məntəqəsi
səhər saat 7-də ermənilər tərəfindən dağdılıb. Bundan sonra ermənilərin
qarşısını kəsib əhalini şəhərdən çıxarmaq məqsədi ilə küçə döyüşləri başlayıb. Ağdama tərəf hərəkət edən şəhər sakinlərinin
keçə biləcəyi yollarda pusqu quran ermənilər əhaliyə divan tutub. Ucdantutma
qırğınlar törədilib, yüzlərlə vətəndaşımız əsir götürülüb. Ermənlilər əsir
götürdüyü və qətlə yetirdiyi insanların başlarını kəsir, başlarının dərisini
soyur, müxtəlif əzalarını kəsirdilər. Körpə uşaqların gözlərini çıxarırdılar.
Hamilə qadınların qarınlarını yararaq körpələri süngüyə keçirir, adamları
diri-diri torpağa basdırır və ya yandırırdılar. Qarlar əriyəndən
sonra ortalığa çıxan mənzərə dəhişətli idi. Əksər meyitlərdə işgəncə izləri var
idi. Meyitlərin bir çoxunun üstündən tanklarla keçmişdilər. Əsir götürülən gəncələrimiz
erməni qəbirlərinin üstündə qurban kimi başları kəsilib. Əsirlikdən
qayıdan insanların danışdıqları isə tükürpədicidir. Xocalı faciəsində dinc əhalidən 63 uşaq, 106
qadın, 70 qoca olmaqla 613 nəfər xüsusi
amansızlıq və işgəncə ilə qətlə edilib. 76-ı uşaq olmaqla 487 nəfərə ağır bədən
xəsarəti yetirilib. 1275 nəfər əsir götürülərək ağlasığmaz və insanlığa
yaraşmayan zülmə, təhqirə, işgəncələrə məruz qalmışdır. 150 nəfər itkin
düşüb. Əsirlikdə olanların heç də hamısını geri almaq mümkün olmayıb.
8 ailə tamamilə məhv edilib. 25 uşaq hər
iki valideyinini, 130 uşaq valideynlərindən birini, 230 ailə öz başçısını
itirib. 200 nəfərin ayaqları iflic olub. Girov götürülən 150 nəfərin, o cümlədən
68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənilərin Xocalıdakı vəhşiliyini əks
etdirən çox saylı sənədlər göstərir ki, 366-cı motoatıcı alayın, erməni silahlı
qruplaşmalarının və terrorçu dəstələrinin törətdiyi vəhşilik məhz soyqırım
aktıdır. Beynəlxalq hüquq normalarına tamamilə ziddir. Faciədən sonra rus zabitlərinin öz komandanlıqlarına
yazdığı raport və etiraf məktublarında bir neçə sitat gətirmək istəyirəm.
Rusiya Fedarasiyasının Baş Kəşfiyyat idarəsinin polkovniki V. Savelyev yazırdı:
“Mən bütün bunları yazmaya bilməzdim. Bütün olanlar gözümün qarşısında baş
verdi. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini
unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və
amansız sonluğu olan hadisələrdə əlimdən heçnə gəlmədi. Mən on addımlıqda güllə
yarasından can verən 8-9 yaşlı qızcığaza kömək edə bilmədim. Allahın mənə lənət
edəcəyindən qorxuram”. Yenə V.Savelyev yazır:” Onları yarım metr
qazılmış xəndəklərə atıb, üstünü torpaqlayırdılar. Axşamlar belə çalaların ətrafında
itlərin və çaqqalların səs-küyündən, dartışmasından qulaq tutulurdu. Adam vahimələnirdi.
Hər yerdən laxtalanmış qan və cəsəd iyi gəlirdi”. Onu da qeyd etmək istəyirəm ki, ermənilər
366-cı alayın komandir heyətinə külli miqdarda pul və qızıl vermişdilər. Faciədən əvvəl dünyanın 32 ölkəsindən Xankəndinə
gətirilən 47 jurnalist faciə baş verəndən sonra bunu bütün dünyaya Xocalı faciəsini
ermənilərin qırılması-erməni faciəsi kimi təbliğ etdilər. Bakıda hakimiyyət
bölgüsü üstündə çəkişmələrin getdiyi bir vaxtda erməni lobbisi bizim qanımızla
özlərinə diplomatik uğurlar qazanmışdı. Bir il sonra “ASALA” Xocalı faciəsini
Fransada erməni faciəsi kimi tanıtdırmışdı. David Verdiyan, M.Şahnazaryan, Zori Balayanlar
bu vandalizmi özləri üçün qəhrəmanlıq aktı sayırlar. Burda öz həyatımdan bir haşiyə çıxmaq istəyirəm:
“1992-ci il iyulun birində ermənilər axşamdan kəndimizi mühasirəyə alırlar.
Sabah açılanda güllə leysan kimi yağmağa başladı. Günorta saat 2-də atam
anamdan evdə olan yeganə əl qumbarasını istədi. “Yaxınlıqda erməni var. Mənə
aman vermir. Qumbaranı ver, atım ölsün” dedi. Anam isə “yox, gördük ki, artıq
qapıya tökülüşdülər yığışarıq başına, çəkərsən partalayar. Əsir düşmərik!” deyə
cavab verdi. Mən isə əlimdə qayçı anamın uzun saçlarını kəsmək üçün hazır
dayanmışdım. Qəti şəkildə əsir düşməmək və anamın saçlarını kəsmək istəməyimə səbəb
isə Xocalıda törədilən faciənin təsiri idi”. Gözləri Azərbaycan
sərvətinə açıq olan dünyanın gözü Xocalı faciəsinə hələ də yumuludur. Xocalı faciəsi
xüsusi plan əsasında, şüurlu şəkildə icra olunan, nəticəsi bu faciəni törədənlərə
əvvəlcədən bəlli olan, dilinə, dininə, etnik mənşəyinə və milli mənsubiyyətinə
görə törədilmiş soyqırım cinayəti aksiyasıdır-genosiddir. Anar Hüseynov